Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur.
1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə da xil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır.
O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır.
1972-1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977-1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır.
1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978-1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987-2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır. T. Əfəndiyevin rektorluğu dövründə cəmi iki ixtisasdan ibarət üçüncü dərəcəli İncəsənət İnstitutu, Bakı Dövlət Universitetindən sonra universitet statusu almış ilk təhsil müəssisəsi olaraq, 32 ixtisas üzrə kadr hazırlığı aparan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il Sərəncamı ilə professor T. Əfəndiyev yeni yaradılmış Bakı Xoreoqrafiya Akademiyası (təhsil kompleksinin) rektoru vəzifəsinə təyin edilmişdir.
İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifələrində çap olunan Timuçin Əfəndiyev, sonrandan yüzlərlə elmi publisistik məqalələrin, Azərbaycanda və xaricdə nəşr olunmuş çoxsaylı kitabların və monoqrafiyaların müəllifi olmuşdur. Professor Timuçin Əfəndiyev bir çox beynəlxalq elmi konfranslarda məruzəçi kimi iştirak etmiş, ABŞ, İngiltərə, İtaliya, Türkiyə, İran, Misir və bir çox ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği işində xüsusi xidmətlər göstərmişdir.